AYDIN MƏMMƏDOV
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və
metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
aydin.mmmdov.67@ mail.ru
B.URLANİSİN TƏDQİQAT ƏSƏRLƏRİNDƏ
TARİXİ DEMOQRAFİYA MƏSƏLƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/218-227
Boris Sezaroviç Urlanis (1906-1981) tarixi demoqrafiya, iqtisadi demoqrafiya, əhali artımı, dinamikası və strukturu problemləri sahəsində uzun illər elmi tədqiqat aparmış görkəmli rusiyalı demoqraf-alimdir. 1923-1926-cı illərdə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsində təhsil almış B.Urlanis 1940-cı ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 1944-cü ildən Moskva Dövlət Universitetinin professoru kimi statistika fənnindən dərs demişdir. 1959-cu ildən SSRİ Elmlər Akademiyasında çalışan B.Urlanis 60-70-ci illərdə Sovet İttifaqında demoqrafik bilgiləri özündə ehtiva edən çoxsaylı elmi məqalələri ilə tanınmış və ona qədər əhali artımı ilə bağlı heç kəsin cəsarət etmədiyi problemləri gündəmə gətirmişdir. Belə ki, B.Urlanis əhali artımının tənzimlənməsində yeni qurulan ailələrdə dünyaya gələn uşaqların sayının azalması, boşanmaların sayının isə əksinə çoxalması, qadınların və aztəminatlı ailələrin sosial təminatı kimi məsələlərə həssaslıqla yanaşaraq, bu sahədə guya heç bir çatışmazlığın olmadığını iddia edən sovet ideologiyasının doqmalarından qurtulmağı bacarmış, həmin problemlərin aradan qaldırılması üçün ən optimal çıxış yollarını göstərməkdən çəkinməmişdir: “...Təəssüf ki, qadınlarımızın heç də hamısı ailə həyatı sevincini yaşaya bilmirlər. Boşanma nisbətimiz yüksəkdir: 1976-cı ildə 2 milyon 218 min qadın ilk dəfə ailə qursa da, həmin ildə 861 min qadın boşanıb. Eyni zamanda nəzərə almalıyıq ki, boşandıqdan sonra heç də hər kəs ikinci dəfə yeni ailə həyatı qurmağa cəhd edə bilməmişdir”. Yaxud, “Kişilər qoruyun!” (Берегите мужчин!) məqaləsində o, vətəndaşı olduğu ölkədə kişilər arasında ölüm nisbətinin qadınlarla müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək olduğunu göstərmiş və bununla bağlı maraqlı təhlillər aparmışdır. Bu baxımdan B.Urlanis SSRİ-də tarixi demoqrafiyanın banilərindən biri sayılır.
Məqalədə B.Urlanisin elmi yaradıcılığında tarixi demoqrafiya məsələləri araşdırılır, demoqraf-alimin çoxsaylı tədqiqat əsərlərinin müqayisəli təhlili əsasında əhali artımı, ailə, nikah və s. kimi demoqrafik proseslər araşdırılır.
Açar sözlər: Boris Urlanis, tarixi demoqrafiya, əhali artımı, ailə, Rusiya tarixşünaslığı.