ZÜMRÜD MƏLİKOVA
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bakı Slavyan Universitetinin dosenti,
ORCID ID: 0009-0001-1282-888X
TÜRKİYƏNİN MÜASİR GEOSİYASƏTİNDƏ YAXIN ŞƏRQ REGİONU
DOI: https://doi.org/10.36719/2708-065X/105/159-164
Son dövrdə dünyada baş verən siyasi, iqtisadi böhranlar və geosiyasi proseslərin təsiri altında daha da kəskinləşən geniş spektr münaqişələrin olduğu Yaxın Şərq regionu geostrateji əhəmiyyətə malikdir. Türkiyənin geosiyasətində mərkəzi yerlərdən birini tutan Yaxın Şərq regionu etnik və konfessional baxımdan mürəkkəb və ziddiyyətli olub böyük güclərin və regional dövlətlərin siyasi, iqtisadi və hərbi maraqlarının kəsişdiyi geosiyasi məkandır. Yaxın Şərq regionunda baş verən hadisələrin Türkiyənin siyasi, iqtisadi, sosial-mədəni vəziyyətinə və beynəlxalq mövqeyinə bilavasitə təsir göstərməsi, regionun təhlükəsizlik problemlərinin milli maraqlarını təhdid etməsi regionun bu dövlət üçün əhəmiyyətini artıran amillərdəndir. Yaxın Şərq regionu Türkiyə üçün həyati əhəmiyyətli geosiyasi məkan xüsusiyyətini qoruyub saxlamaqdadır. Müasir dövrdə Türkiyənin Yaxın Şərqdəki xarici siyasəti defensive realizmə, milli maraqlarının təmin edilməsi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bu araşdırmanın məqsədi Türkiyənin geosiyasətində Yaxın Şərqin əhəmiyyətini, bölgədəki enerji ilə bağlı iqtisadi, ideoloji və siyasi mübarizədəki yerini göstərməkdir.
Açar sözlər: Türkiyə, Yaxın Şərq regionu, geosiyasi maraqlar, geostrateji mövqe, təhlükəsizlik məsələləri.