GÜLZAR MƏMİŞOVA
M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının «Xarici dillərdə
Ədəbiyyat və Beynəlxalq kitab mübadiləsi» şöbəsinin bölmə müdiri
İSLAM DİNİNİN AZƏRBAYCANDA DƏRKİ
VƏ ONUN ETİMOLOJİ PROBLEMLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/86-89
Din ağlı olan insanları öz istəklərilə dünyada və axirətdə səadətə çatdırmağa kömək edən ilahi bir qanundur. “Oxu” əmrilə başlayan İslam, ilk əmrilə özünün universallığını ortaya qoyan bir dindir. Hər zamanın öz insanına mesaj verən universal bir dinin “oxu” əmrilə başlaması, nə qədər təbii və uyğun bir başlangıc olur. Özünə arxalanmayan bir din,ilk əmrilə insanlığa belə meydan oxuya bilməz. Bu meydan oxuma “Rənginin boyağına güvənən xalçalar günəşdən qorxmaz” düsturunu bizim qarşımıza qoyur. Qurani-Kərimdə doxsan iki yerdə din adı keçir. İslam dininin Azərbaycanda və dünyada qayəsi insanların xoşbəxtliyidir. O, axırıncı dindir. Bu o demək olur ki, ondan sonra başqa din gəlməyəcək və bu qiyamətədək davam edəcək. İslam bəşəri bir dindir. Əvvəlki dinlər də peyğəmbərlər vasitəsilə müəyyən millətlərə çatdırılırkən, islam bütün dünyaya, bəşəriyyətə, insanlığa göndərilir və özündən əvvəl gələn – Allah tərəfindən göndərilən peyğəmbərləri və İlahi kitabları təsdiq edir. Bu dinin hədəfi insanı, dünya və axirətdə Allahın nemətlərinə qovuşdurmaqdır. Fransızlar “İslam”ı – “təslimiyyət”, “boyun əymə” mənasında tərcümə etmələrinə baxmayaraq, bu ifadə ərəbcə ən gizli düşüncələrdən ən dəqiq hərəkətinə qədər bütün varlığını Allahın ixtiyarına buraxmağı, yəni onun qanununa boyun əyməyi öz hədəfinə alır. İslam bir davranış əxlaqıdır [1].
Açar sözlər: Din, Azərbaycan, insan, mədəniyyət, İslam.