GÜLNAR RƏHİMOVA
Gəncə Dövlət Universiteti, “Sosial fənlər” kafedrasının dissertantı
SİYASİ KİMLİYİN FORMALAŞMASINDA SOSİALLAŞMANIN ROLU
Hər bir şəxsin özünəməxsus statusları içində onun siyasi kimliyi də mühüm əhəmiyyət kəsb edir. Siyasi kimlik fərdin siyasi mövqeyinin, siyasi maraqlarının, siyasi fəaliyyətinin və siyasi mədəniyyətinin əsas komponentlərini özündə cəmləşdirən əsas siyasi kateqoriyalardan biridir. Siyasi kimliyin formalaşması müntəzəmlik kəsb edən proses kimi sosiallaşmanın əsas nəticələrindən birini təşkil edir. Sosiallaşma və onun siyasi istiqaməti, fərdin hansı dövrdə, hansı siyasi rejimdə yaşamasından asılı olmayaraq, onun siyasi kimliyinin formalaşmasında rol oynayan prosesdir. Təsadüfi deyil ki, sosializm, faşizm kimi rejimlərin belə, insanları siyasi cəhətdən simasızlaşdırma cəhdləri heç bir nəticə verməmiş, bu rejimlər bir müddət sonra tarix səhnəsindən silinmişdir.
Hər bir dövrdə siyasi sosiallaşma prosesi, həmin dövrün özünəməxsus təsir vasitələri ilə baş verir. Bu təsir vasitələrinin müxtəlif kombinasiyası şəxsiyyətin siyasi kimliyinin özünəməxsusluğunu təmin edir. Sosiallaşmada rol oynayan müxtəlif sosial-siyasi institutların təsir imkanları, müxtəlif ideologiyalar şəxsiyyətin siyasi kimliyini formalaşdırır və bir növ əsasını təşkil edir. Bu tədqiqat işində şəxsiyyətin siyasi kimliyinin formalaşmasında rol oynayan situasiv amillər, şəxsi maraqlar, siyasi mühit və siyasi siyasi proseslər, kütləvi informasiya vasitələri və s. faktorları özündə birləşdirən sosiallaşma prosesinin siyasi kimliyin formalaşmasına təsirləri müəyyən edilmişdir.
Bu məqsədlə əvvəlcə sosiallaşma və siyasi sosiallaşma, daha sonra siyasi kimlik quruculuğu prosesi və onun şəxsiyyətin siyasi mövqeyi və faəllığına təsirləri təhlil edilmişdir. Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, hər bir dövrdə siyasi kimliyin formalaşmasına təsir edən vasitələr, həm də şəxsiyyətin siyasi fəallığının səviyyəsini müəyyənləşdirir. Fəal siyasi şəxsiyyətlərin çoxluqda olduğu cəmiyyətdə demokratik cəmiyyət quruculuğu daha sürətlə baş verir.
Açar sözlər: siyasi sosiallaşma, siyasi fəaliyyət, siyasi iştirak.