SEVDA HÜSEYNOVA
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XALQIMIZA BƏXŞ ETDİYİ ŞAH ƏSƏRİ:
MİLLİ SƏRVƏTİMİZ BAKI DÖVLƏT UNİVERSİTETİ
DOI: https://doi.org/10.36719/2708-065X/106/30-35
Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanın elmi-tədqiqat mərkəzinə çevrilmiş, 1930-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsi ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. Tarixi həqiqətdir ki, o dövrdə bütün görkəmli alimlər həm universitetdə, həm də Akademiyanın elmi-tədqiqat institutlarında çalışırdılar. 1945-ci ildə BDU Azərbaycan Milli Elmlər Akademiyasının təşkilində müstəsna rol oynamışdır. BDU-nun şanlı tarixinin ən böyük nəticələrindən biri də Azərbaycan xalqının təfəkküründə ən yüksək status qazanması sayıla bilər. Əslində dilimizdəki “universitet” termini BDU-nun yaradılması ilə vətəndaşlıq hüququ əldə etmişdir. Bu gün Azərbaycanda çox sayda universitetlər olsa da, xalqımız “universitet” deyəndə ilk növbədə BDU-nu nəzərdə tutur. Böyük fəxrlə deməliyik ki, BDU-nun məzunu olan ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli qüruru” adlandırdığı BDU 105 illik fəaliyyəti dövründə görkəmli şəxsiyyətlər yetişdirmişdir. Ölkəmizin elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanın intellektual potensialının formalaşmasında əvəzsiz xidmətləri olan BDU bu gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək gənc kadrların yetişdirilməsi kimi tarixi missiyanı uğurla davam etdirməkdədir!
Açar sözlər: Milli Hökumət, Parlament, milli ziyalılar, ali təhsil, Bakı Dövlət Universiteti.