AYDIN MƏMMƏDOV
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və
metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
aydin.mmmdov.67@ mail.ru
XX ƏSRİN İKİNCİ YARISI-XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TARİXÇİ-MƏZUNLARININ TƏDQİQAT ƏSƏRLƏRİNDƏ TARİXİ DEMOQRAFİYA MƏSƏLƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/106/43-53
Azərbaycanda əhalinin təbii və mexaniki artımı, məskunlaşması, miqrasiyası həmişə tarixən xalqımıza məxsus sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi xüsusiyyətlərlə sıx şəkildə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, ixtiyari demoqrafik tədqiqat əhali artımı, məskunlaşması, miqrasiyası ilə bağlı prosesləri tarixi zaman konteksində öyrəndiyinə ğörə ümumi demoqrafiya, yaxud demoqrafiyanın istənilən sahəsi ilə tarixi demoqrafiya arasındakı sərhəd çox şərtidir. Demoqrafik münasibətlər bəşəriyyətin bütün tarixi boyu, hər zaman, cəmiyyətin bütün sferaları ilə, xüsusən də istehsal münasibətləri ilə sıx bağlılıq şəraitində mövcud olsa da müstəqilliyini heç zaman itirməmişdir. Başqa sözlə desək, iqtisadi zərurətin diktə etdiyi istehsal münasibətlərinin insanların həyatında rolu nə qədər böyük olsa da, insan nəslini davam etdirmək zərurətindən yaranan, başlıcası isə obyektiv surətdə heç nədən asılı olmayaraq mövcud olan demoqrafik münasibətlər cəmiyyətin həmişə ən prioritet, aparıcı sahəsi olmuş, olaraq da qalmaqdadır.
Məqalədə hazırda 105 illik yubileyini təntənə ilə qeyd etdiyimiz doğma Bakı Dövlət Universitetimizdə təhsil almış və ya işləmiş, o cümlədən XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərinə aid tədqiqat əsərlərində tarixi demoqrafiya elementlərini əks etdirən alimlərimizin yaradıcılığı araşdırılır.
Açar sözlər: Bakı Dövlət Universiteti, əhali artımı, əhali məskunlaşması, tarixi demoqrafiya, Azərbaycan tarixşünaslığı.