CƏFƏR CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru,
tarix elmləri doktoru, professor
TARİX YAZAN TARİX FAKÜLTƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/106/54-58
Azərbaycanda ali təhsilin təşkili və inkişafı tarixi bilavasitə Bakı Dövlət Universitetinin yaranması tarixi ilə başlanır. Bakı Dövlət Universitetinin təsis edilməsi ilə yaradılan Tarix fakültəsinin fəaliyyətə başlaması Azərbaycanda tarix elminin tədrisinin və tədqiqinin əsasını qoyur. Fakültənin strukturunda kafedralar mühüm əhəmiyyətə malikdir. Ümumi tarix, Arxeologiya, Asiya və Afrika ölkələri tarixi, Türk xalqları tarixi, Qədim dünya tarixi və Orta əsrlər tarixi kafedraları və digər kafedralar fakültədə tarixin tədrisini həyata keçirən əsas kafedralar olmuşlar. Azərbaycan tarix elmi inkişaf etdikcə və tarixin tədrisi məqsədilə yeni tədris planları hazırlandıqca zamana uyğun olaraq yeni kafedralar yaradılmışdır. Fakültənin yarandığı dövrü, sovet dövrünü və müstəqillik dövrünü müqayisə etdikdə strukturda ciddi dəyişikliklərin baş verdiyi məlum olur. Tarix fakültəsinin strukturunun təşkilinə dövrün tələbləri, tarixçi ixtisası üzrə kadr hazırlığı üçün vacib olan bilik və bacarıqlar, tarix elminin mühüm nailiyyətləri ciddi təsir etmişdir. Tarix fakültəsində hər zaman tədris fəaliyyəti və elmi tədqiqatlar paralel aparılmışdır. Bu tədqiqatlar heç vaxt Universitet divarları arasında qalmamış, hətta Azərbaycandan kənarda da yayılmış, elmi əlaqələr qurulmuşdur. Fakültədə bir çox dünya şöhrətli alimlər çalışmış və ya burada tədqiqat aparmış; dünyanın bir sıra elm və təhsil mərkəzləri ilə əlaqələr yaradılmışdır.
Açar sözlər: Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan təhsili.