MƏŞDİ İSMAYILOV
Bakı Dövlət Universitetinin müəllimi
ORCID iD: 0000-0003-4039-5433
SİVİLİZASİYA ANLAYIŞI: DİSKURSUN SİYASİ,
PSİXOLOJİ VƏ FƏLSƏFİ ASPEKTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/106/178-182
Sivilizasiya maraqlı və bir o qədər də mübahisəli mövzudur. Bu mövzu, sadəcə olaraq, həvəsli araşdırma və tərəfsiz düşüncə gözləyən tarixi bir mövzu deyildir. Sivilizasiya, BMT-nin 2001-ci il Bəyannaməsi ilə ""Sivilizasiya haqqında diskussiya" ili kimi qlobal səviyyədə qəbul edilmiş aktual bir məsələdir. Bir çox araşdırmaçılara görə, insan nailiyyətlərinin mahiyyəti müasir tərəqqinin son nəticəsidir. Digərlərinə görə, həyatın mexanikləşdirilməsini dəstəkləyən və ənənəvi inanclara qarşı gələn xarici təhlükədir. Son on illiklərdə, dünya tarixində bir-birinin ardınca çox mühüm dəyişikliklərin yaşanması, iki böyük dünya müharibəsini özündə birləşdirən beynəlxalq nizamın “yeni dünya nizamı” ilə əvəzlənməsi tendensiyası, sivilizasiya anlayışının qərbdə və dünyada necə qəbul edilməsini və eyni zamanda bundan sonra nə olacaq sualını doğurdu. Əsrin əvvəllərində Osmanlı dövlətinin ləğvi ilə şərq məsələsini həll edən Qərb, İkinci Dünya Müharibəsinin sonunda Berlində qısamüddətli “irrasional” faşist-nasist totalitarizmini dar ağacına sürüklədi və nəhayət, “hiperrasional” marksist-leninist totalitarizmi müharibəsiz məğlub etdi. Qaydaların və sərhədlərin böyük ölçüdə müəyyən olduğu ikiqütblü dünya nizamından, birqütblü və ya çoxqütblü olması hələ də qeyri-müəyyənlik təşkil edən yeni dünya düzəninə keçid baş verdi. Liberalizmin hökmranlığını köhnə vərdişlərin kölgəsi üzərində ideoloji qələbə kimi izah etməklə yeni nizamı müəyyən etməyə ilk cəhd edildi. Ancaq bu izahın yetərli olmadığı görüləndə, yerini mədəni və sivilizasiya fərqlərinə əsaslanan izah aldı.
Açar sözlər: Sivilizasiya anlayışı, siyasi diskurs, fəlsəfi aspekt, psixoloji nəticə.