BALAMİRZƏ MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin doktorantı
AZƏRBAYCAN RESPUBLİKASI–BÖYÜK BRİTANİYA MÜNASİBƏTLƏRİ
VƏTƏN TARİXŞÜNASLIĞINDA
DOI: https://doi.org/10.36719/2708-065X/107/295-306
Azərbaycan Respublikasının Böyük Britaniya ilə münasibətlərinin Vətən tarixşünaslığı kontekstində təhlili mühüm elmi və siyasi əhəmiyyət kəsb edir. Belə ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı dünyadakı bir neçə böyük gücdən (great power) biri kimi müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir. Vaxtilə “dünyanın sənaye emalatxanası” adlandırılan Böyük Britaniya bu gün də güclü iqtisadiyyata sahib olan ölkə kimi ÜDM həcminə görə (2024-cü ildə 3,5 trilyon dollar olmuşdur – B.M.) dünyada 6-cı, Avropada 2-ci (Almaniyadan sonra) sıradadır. NATO və Avropa Şurası kimi nüfuzlu təşkilatların, habelə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və “Böyük yeddilərə” (G7) daxil olan Böyük Britaniya həm də qüdrətli hərbi-siyasi potensiala malikdir. Bu dövlət dünyada nüvə silahına malik 9 ölkədən biridir və illik hərbi xərbi xərclərin həcminə görə Avropada birinci yerdədir. Belə bir dövlətlə uğurlu qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycana öz mövqeyini beynəlxalq aləmdə daha da möhkəmləndirmək baxımından heç şübhəsiz həyati dərəcədə vacibdir. Ölkəmizin Böyük Britaniya ilə dostluq əlaqələrinin siyasi və iqtisadi əhəmiyyətini şərtləndirən amillər sırasında Azərbaycanın dünya ictimaiyyətinə lazımi şəkildə tanıdılaraq onun haqqında müsbət rəyin formalaşdırılması, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara, Avropanın qabaqcıl strukturlarına, beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiyası üçün əlverişli imkanların açılması, Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin olunması, ölkəmizdə demokratiya və parlamentarizm ənənələrinin inkişafı, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına uğurlu nəqlində nəhəng maliyyə imkanlarına, inkişaf etmiş texnologiyaya malik Qərb dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi kimi amilləri sadalamaq olar.
Məqalədə Azərbaycan Respublikası-Böyük Britaniya probleminin sırf Vətən tarixşünaslığı kontekstində ilk dəfə olaraq tədqiqi elmi yenilik və aktuallıq kəsb etməklə yanaşı, iki ölkə arasındakı münasibətlərin keçdiyi tarixi inkişaf dinamikasını daha dəqiq izləmək, onun hazırkı və gələcək perspektivlərini müəyyənləşdirmək nöqteyi-nəzərindən də son dərəcə əhəmiyyətlidir.
Açar sözlər: Azərbaycan Respublikası, Böyük Britaniya, xarici siyasət, beynəlxalq münasibətlər, neft, Vətən tarixşünaslığı.