SEVİL BƏHRƏMOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix və coğrafiya fakültəsinin baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-4886-0101
ÇAR RUSİYASININ KÖÇÜRMƏ SİYASƏTİNDƏ ERMƏNİ,
BİDƏTÇİ VƏ TƏRİQƏTÇİLƏRİN CƏNUBİ QAFQAZA YERLƏŞDİRİLMƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/107/27-32
Qafqaz müxtəlif etnik xəritəsi və zəngin tarixi keçmişə malik çox müxtəlif mədəniyyətlərin bolluğu ilə seçilir. Burada müxtəlif etnik mədəniyyətlər əsrlər boyu qarşılıqlı əlaqədə olub, Qafqazın xüsusi mədəni fenomenini formalaşdırıb. Əsrlər boyu zəngin təbii sərvətləri, tarixi-mədəni irsi, etnoqrafik müxtəlifliyi ilə Qafqaz avropalıların diqqətini cəlb etmişdir. Bölgədə sosial-iqtisadi inkişaf, etnomədəni özünəməxsusluğun, etnomədəni dəyərlərin və etnoqrafik xüsusiyyətlərin qorunub saxlanması üçün çox əlverişli şərait yaranmış, bütün XIX əsr və XX əsrin əvvəllərində burada Avropa etnik icmaları formalaşmışdır. Rus çarizminin köçürmə siyasəti və Qafqazda etnodemoqrafik dəyişikliklərə səbəb olmaqla XX əsrin əvvəllərində bu özünü dah aydın şəkildə göstərməyə başladı. Qafqazın Rusiya imperiyası tərəfindən zəbt edilməsi yeni etnososial proseslərin və regionun etnodemoqrafik strukturunda dəyişikliklərin başlanğıcını qoydu.
XIX və XX əsrin əvvəllərində Qafqazda miqrasiya prosesləri, istər Rusiya imperiyasının hüdudlarından kənarda, istərsə də onun o vaxtkı ucqarlarından və daxili quberniyalarından əhalinin kütləvi köçləri baş verdi. XIX əsrdə Qafqazda miqrasiya prosesləri çarizmin köçürmə siyasəti çərçivəsində məqsədyönlü xarakter daşıyır və təkcə könüllü deyil, həm də zorla baş verirdi. Məqalədə Rusiyanın Cənubi qafqaza əhalinin köçürmə siyasəti öz əksini tapmış, müxtəlif mənbələr təhlil edilmişdir.
Açar sözlər: Cənubi Qafqaz, bidətçi və təriqətçilər, zorakı köçürmə, müstəmləkəçilik siyasəti, etnomədəni dəyərlər, etnoqrafik xüsusiyyətlər, etnik icmalar, əhalinin kütləvi köçü.