ELŞƏN ASLANOV
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin müəllimi
ORCİD İD: 0000-0002-3823-4350
XIX ƏSR - XX ƏSRİN İLK ONİLLİKLƏRİNDƏ
CƏNUBİ QAFQAZDA BAŞ VERƏN HADİSƏLƏR FONUNDA
QARABAĞIN TARİXİ-SİYASİ COĞRAFİYASI
DOI: https://doi.org/10.36719/2708-065X/108/259-266
XVIII əsrin sonlarında xanlıq şəklində idarə olunan Qarabağ xanlığı XIX əsrin əvvəllərində Cənubi Qafqaz bölgəsində baş verən hadisələrin gedişi sonunda Rusiya hakim dairələrinin təzyiqi altında 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiya vassallığını qəbul etdi. 1813-cü il Gülüstan müqaviləsi nəticəsində İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, digər Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra Qarabağ xanlığı da 1822-ci ildə ləğv olundu və vilayət kimi imperiyanın tərkibinə daxil oldu. 1828-ci il Türkmənçay müqaviləsindən sonra işğal edilmiş Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyasına daha sıx birləşdirilməsi, həmin ərazilərin imperiyanın bölünməz və ayrılmaz bir hissəsinə çevrilməsi üçün Rusiya hakim dairələri bölgənin strateji əhəmiyyətini nəzərə alaraq regionu öz siyasi nəzarətində saxlamaq, Cənubi Qafqazda mövqelərini gücləndirmək və etnik dayaq yaratmaq məqsədilə Osmanlı və Qacarlar dövlətlərinin ərazilərindən Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının torpaqlarına ermənilərin kütləvi köçürülməsini təşkil etdi. Bu səbəbdən XIX əsrin sonlarınadək Cənubi Qafqaz ərazisində, o cümlədən, Şimali Azərbaycanın bütün bölgələrində, eyni zamanda Qarabağda da inzibati-ərazi dəyişiklikləri həyata keçirdi ki, bu da bütövlükdə bölgənin tarixi-coğrafiyasına öz mənfi təsirini göstərdi. Bu siyasət sonrakı mərhələdə - XX əsrin ilk onilliklərində rus çarizminin müstəmləkəçilk siyasətini davam etdirən rus-daşnak bolşevikləri tərəfindən də davam etdirildi.
Məqalədə Qarabağ bölgəsinin xanlıq dövründə və Rusiya işğalından sonra siyasi sərhədlərinin mənbələrdə əks olunması məsələləri, XIX əsr – XX əsrin ilk onilliklərində inzibati-ərazi baxımından Qarabağ bölgəsinin tarixi-siyasi, eyni zamanda bölgəyə ermənilərin köçürülməsi ilə əlaqədar əhali coğrafiyasında baş verən dəyişikliklər araşdırılır və son iki əsrdə baş verən bu köçürmələrin Azərbaycanın, eləcə də Qarabağ bölgəsinin tarixi-siyasi coğrafiyasına mənfi təsirindən bəhs edilir.
Açar sözlər: XIX əsr - XX əsrin əvvəlləri, Rusiya imperiyası, Qarabağ vilayəti, siyasi coğrafiya, Kürəkçay və Gülüstan müqavilələri, erməni köçürmələri, inzibati-ərazi bölgüsü, dairə və qəzalar, Qarabağ general qubernatorluğu.