TƏRANƏ ƏLİVƏRDİYEVA
Bakı Dövlət Universiteti
“Azərbaycanın yeni və ən yeni tarixi
humanitar fənlər üzrə)” kafedrasının doktorantı
AZƏRBAYCANDA SEPARATİST MEYİLLƏRİN VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ ÇEVRİLMƏSİNİN QARŞISININ ALINMASINDA HEYDƏR ƏLİYEVİN ROLU
Məqalə 1993-cü ilin yayında baş vermiş hadisələri öyrənməyi və bu böhranın həllində Heydər Əliyevin rolunu araşdırmağı qarşısına məqsəd qoyur. Daxili və xarici qüvvələrin birgə destruktiv fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi real süqut təhlükəsi ilə üz-üzə qalmış, etnik separatizm və vətəndaş müharibəsi təhlükəsi baş qaldırmışdı. Müstəqillik əldə etdikdən sonra respublikada dərin böhran, korrupsiya, qanunsuz silahlı birləşmələrin varlığı təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarmışdı. İnsan alveri və digər cinayətlər yayılmışdı. Azərbaycanın bir dövlət kimi yox olmasını istəyən, onu daxildən parçalamağa çalışan qüvvələrin qarşısını almaq üçün təcrübəli siyasi xadimə ehtiyac vardı. Ölkə idarəolunmaz hala gəlmiş, dövlət strukturları öz fəaliyyətini icra edə bilmirdi. Siyasi qüvvələr öz ətraflarına silahlı dəstələr toplayıb yenidən hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. AXC-Müsavat iqtidarı öz qüdrətini qorumaq üçün Milli Ordunu cəbhə bölgəsindən geri çağırsa da, Surət Hüseynovun qiyamının və Ələkrəm Hümbətovun separatçı fəaliyyətlərinin qarşısında aciz qalmışdı. Xalqın istəyi ilə hakimiyyət sükanlarını öz əlinə alan Ümummilli Lider Heydər Əliyev siyasi və digər hüquqi tədbirlərin həyata keçirilməsi ilə separatizmin güclənməsinin qarşısını aldı və dövlət müstəqilliyinin qorunmasının əsaslarını formalaşdırdı.
Açar sözlər: Heydər Əliyev, iğtişaş, vətəndaş müharibəsi, milli qurtuluş günü.