PƏRVANƏ MƏMMƏDOVA
Gəncə Dövlət Universiteti,
“Sosial fənlər” kafedrasının dissertantı
AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN TƏMİN EDİLMƏSİNDƏ
DİASPOR TƏŞKİLATLARININ FƏALİYYƏTİ VƏ ONUN NƏTİCƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/108/198-204
Uzun illərdir ermənilər “ Böyük Ermənistan “ xülyasını reallaşdırmaq üçün hər cür vasitəyə əl atıblar. Onlar bu arzularını həyata keçirmək üçün çoxdankı mənfur planları olan Azərbaycan torpaqlarını ələ keçirmək siyasətindən uzun müddət əl çəkməmişdilər. 1980-ci illərin sonlarından başlamış Ermənistan-Azərbaycan münaqişəsi qarşı tərəfin ərazi iddiaları, təxribatlar və terror əməlləri ilə başlamışdır. Baş verən bu münaqişəsi XX yüzilliyin ən faciəli münaqişələrdən biri kimi tarixə daxil olub.
Azərbaycan barədə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilmək üçün dövlətimizin formalaşmış diasporu vardır. Ancaq uzun illər idi ki, erməni diasporu qərbdə Azərbaycan barəsində mənfi rəy yaratmaq istiqamətində mənfur siyasət yürüdürdülər. Artıq erməni diasporunun saxtalaşdırılmış məlumatlarının diasporumuzun gərgin əməyi sayəsində qarşısı alınır. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti olduqdan sonra, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Qüdrətli Azərbaycan dövləti getdikcə diasporumuzun güclənməsinə və vahid ideya ətrafında birləşməsinə kömək edir. Dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsində Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi mühüm rol oynayır. Dünya azərbaycanlılarının I qurultayı Heydər Əliyevin 2001-ci ilin may ayının 23-də xüsusi sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdir. II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. Dünya azərbaycanlılarının V qurultayı Qarabağ müharibəsində qazanılan qələbədən sonra keçirildiyi üçün Zəfər qurultayı adlandırılır. Qurultayda “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzuları müzakirə olunub. Son illər Azərbaycan diasporu yüksək təşkilatlanma və birlik nümayiş etdirərək beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynamışdır.
Açar sözlər: Dağlıq Qarabağ münaqişəsi, erməni mühacirəti, Azərbaycan diasporu, diaspor fəaliyyəti.