XALİDƏ MƏLİKOVA
Azərbaycan Respublikasinin Pezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
DÜNYA İQTİSADİ BÖHRANI VƏ “ƏRƏB BAHARI” HADİSƏLƏRİNİN
YAXIN ŞƏRQDƏ GEOSİYASİ KONFİQURASİYANIN DƏYİŞMƏSİNƏ TƏSİRİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/197-205
Dünyanın geosiyasi əhəmiyyətə malik, zəngin enerji resurslarının olduğu və karvan yollarının keçdiyi Yaxın Şərq regionu yüzilliklər boyu böyük güclərin rəqabət, mübarizə və müharibə meydanları olmuşdur. Yalta-Potsdam sisteminin süqutundan sonra regionda tarazlıq və nisbi sabitlik əsaslı şəkildə pozulmuş, 2001-ci il 11 sentyabr hadisələrindən sonra isə ABŞ regionu bütünlüklə öz nəzarətinə götürmək uğrunda mübarizəyə başlamıışdı. Lakin regionda oturuşmuş siyasi rejimlərin ciddi müqavimətinə rast gələn Vaşinqton yeni taktiki yollar axtarmalı olmuşdu. Dünya iqtisadi böhranı Yaxın Şərqdə siyasi və sosial-iqtisadi ziddiyyətləri kəskinləşdirdikdən sonra məhz Qərbin planlarına uyğun olaraq "ərəb baharı" adı altında xalq hərəkatlarına start verilmişdi ki, nəticədə bu region uzunmüddətli xaosa qərq olmuşdur. Bununla belə, ABŞ nə "Böyük Orta Şərq layihəsini" reallaşdıra bilməmiş, nə də "ərəb baharı" adı altında regiona "demokratiyanın gətirilməsinə" nail olmamışdır. Məqalədə bu regionda gedən və qüvvələr nizamını dəyişən hadisə və proseslər fakt və materiallara əsasən araşdırılır.
Açar sözlər: Yaxın Şərq, ABŞ, Rusiya, regional aktorlar, dünya iqtisadi böhranı, "ərəb baharı", geosiyasi vəziyyət, hegemonluq, siyasi rejim, enerji amili, demoqrafik situasiya, rəqabət.