GÜLNARƏ SƏDRƏDDİNOVA
Bakı Dövlət Universitetinin
Azərbaycan tarixi (humanitar fənlər üzrə) kafedrasının müəllimi,
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı
1821-1830-CU İLLƏRDƏ OSMANLI İMPERİYASINA QARŞI BAŞ VERMİŞ
YUNAN ÜSYANI ƏRƏFƏSİNDƏ FƏNƏR YUNAN PATRİARXLIĞININ FƏALİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/53-58
Osmanlı dövləti tərəfindən Balkanların fəthindən sonra burada yerləşən kilsələr Fənər Yunan Patriarxlığına tabe edilmişdi. Osmanlı torpaqlarına məxsus digər kilsələrin də Patriarxlığa tabe olması, yepiskop vəzifələrinə əsasən yunanların təyin olunması patriarxın siyasi gücünü də artırırdı. Yunanlar 1821-ci ildə Osmanlı imperiyasına qarşı üsyana başlmazdan əvvəl başda Rusiya olmaqla, Avropa dövlətlərinin, patriarx V Qriqori və ona tabe olan mitropolitlərin [xristian kilsələrində patriarxdan sonra ali ruhani rütbə] dəstəyini qazana bildi. Nəticədə İstanbulda yerləşən Yunan Pravoslav Patriarxlığı Avropa ictimaiyyətinin dini hisslərindən istifadə edərək müsəlman - xristian düşmənçiliyini ön plana çəkəcək, yunan üsyanında əsas təşkilatçı qüvvə olacaqdı.
Açar sözlər: Osmanlı imperiyası, Fənər Yunan Patriarxlığı, patriarx V Qriqori, Yunan üsyanı.