GÜNEL HÜSEYNOVA
T.ü.f.d.,
Gəncə Dövlət Universiteti Sosial fənlər kafedrasının baş müəllimi
Orcid 0000000179769434
ORTAQ TÜRK ƏLİFBASINA KEÇİDİN TARİXİ ARXAPLANI:
AZƏRBAYCANIN TİMSALINDA
DOI: https://doi.org/10.36719/2708-065X/110/121-127
Ortaq türk əlifbası uzun müddətdir türk dünyasında dil birliyi və mədəni inteqrasiyanın mühüm vasitəsi kimi tanınır. XIX əsrin ikinci yarısından başlayaraq bir sıra elm adamları və siyasətçilər türk xalqlarının ortaq əlifbadan istifadə etməsinin zəruriliyini vurğulamış, bu istiqamətdə bir sıra addımlar atmışlar. Xüsusilə, Azərbaycanda və Osmanlı dövlətində bir sıra mütəfəkkirlər əlifba islahatları, latın əlifbasına keçid və ortaq Türk əlifbasının yaradılması sahəsində müxtəlif fikirlər irəli sürmüş, siyasi xadimlərlə görüşlər keçirmiş və ideyalarını izah etmişlər. Bu məqalədə ortaq türk əlifbasına keçid təşəbbüslərinin tarixi konteksti, həmçinin Azərbaycan və Türkiyənin bu sahədəki təcrübələri təhlil edilir. Məqalənin məqsədi ortaq türk əlifbası ideyasının formalaşması, tətbiqi imkanları və qarşılaşdığı çətinlikləri Azərbaycan və Türkiyənin təcrübəsində dəyərləndirmək, Türk dünyasının mədəni və dil birliyinin gücləndirilməsi baxımından bu təşəbbüsün əhəmiyyətini ortaya qoymaqdır.
Məqalədə tarixi metod, müqayisəli təhlil metodu, sənədlərlə iş, analogiya, induksiya kimi bir sıra tədqiqat metodlarından istifadə edilmişdir. Məqalənin yazılmasında mövzuya dair tarixi sənədlərdən, elmi əsərlərdən, rəsmi sənədlərdən, elektron resurslardan istifadə edilmişdir.
Məqalənin başlıca elmi yeniliyi ondan ibarətdir ki, ortaq türk əlifbasına keçilməsi istiqamətində son dövrlərdə artan səylərin və onun nəticə olaraq hazırlanan yeni ortaq türk əlifbasının tarixi arxaplanı Azərbaycan və Türkiyə nümunəsində tədqiq edilmişdir.
Məqalənin başlıca nəticəsi odur ki, Azərbaycan və Türkiyə ortaq türk əlifbası ideyasının formalaşmasında və tətbiqində həmişə aparıcı mövqedədir. Tarixi təcrübə göstərir ki, əlifba islahatları təkcə texniki deyil, həm də ideoloji, siyasi və mədəni hadisədir. Ortaq əlifba ideyasının gerçəkləşməsi üçün elmi, texnoloji və siyasi koordinasiya vacibdir. Bu istiqamətdə atılan addımlar türk dünyasında inteqrasiyanın güclənməsinə və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər.
Açar sözlər: ortaq türk əlifbası, əlifba islahatı, latın qrafikası, türk dünyası, dil siyasəti.
