GÜLGÜN QULİYEVA
Bakı Dövlət Universitetinin
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası, s.e.f.d.
ORCİD 0009-0003-9754-3588
RUSİYA, İRAN VƏ QƏRB ARASINDA:
AZƏRBAYCANIN DENGE SİYASƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/110/105-113
Bu məqalə Azərbaycanın mürəkkəb regional və qlobal geosiyasi mühitdə yürüdüyü denge siyasətini təhlil edir. Azərbaycanın xarici siyasətində əsas məqam kimi çıxış edən bu strategiya, ölkənin Rusiya, İran və Qərb kimi güc mərkəzləri arasında balanslaşdırılmış və çoxşaxəli əlaqələr qurmasına əsaslanır. Məqalədə Azərbaycanın müstəqillikdən sonrakı xarici siyasət doktrinası, Rusiya və İranla tarixi, mədəni və siyasi bağlar, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı maraqlar, həmçinin Qərb dövlətləri ilə strateji tərəfdaşlıq və yaranan gərginliklər geniş şəkildə araşdırılır. Azərbaycanın çoxvektorlu xarici siyasət modeli, enerji resurslarının səmərəli istifadəsi və regional sabitliyin qorunması məqsədilə həyata keçirilən denge siyasəti, ölkənin suverenliyini və beynəlxalq nüfuzunu artırmaqda mühüm rol oynayır. Eyni zamanda, qlobal və regional güclərin təzyiqləri, etnik və təhlükəsizlik məsələləri bu siyasətin tətbiqində ciddi çağırışlar yaradır. Məqalə Azərbaycanın geostrateji mövqeyini nəzərə alaraq, onun denge siyasətinin aktuallığını və gələcəkdə strateji prioritetlərini qiymətləndirir. Nəticədə, məqalə Azərbaycanın regional və beynəlxalq səviyyədə çevik və balanslı xarici siyasət yürütməsinin həm daxili sabitlik, həm də regional əməkdaşlıq üçün əsas şərt olduğunu vurğulayır.
Açar sözlər: denge siyasəti, çoxvektorlu xarici siyasət, enerji diplomatiyası, regional təhlükəsizlik, Xarici siyasət doktrinası, Qarabağ münaqişəsi, regional balans, beynəlxalq münasibətlər.
