GÜLƏR ƏJDƏRZADƏ
Mingəçevir Dövlət Universiteti Humanitar fənnlər kafedrasının müəllimi,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dissertantantı
https://orcid.org/0000-0002-6992-6325
BORÇALININ SİYASİ TARİXİ (XANLIQLARDAN BƏRİ)
DOI: https://doi.org/10.36719/2708-065X/110/65-68
Məqalənin əsas məqsədi Borçalının siyasi tarixini (xanlıqlardan bəri) araşdırmaqdır. Borçalı bölgəsi Cənubi Qafqazın mühüm etno-siyasi mərkəzlərindən biri kimi qədim dövrlərdən etibarən siyasi rəqabətlərin və mübarizələrin kəsişmə nöqtəsində yerləşmişdir. Antik mənbələrə görə, bu ərazi ilkin dövrlərdə iber və mosxların təsiri altında olmuş, sonrakı əsrlərdə kimmer, iskit və sak tayfalarının yürüşləri nəticəsində türkdilli əhalinin məskunlaşdığı bir bölgəyə çevrilmişdir. Əhəməni imperiyası, Makedoniyalı İsgəndərin yürüşləri və Sasani-Bizans müharibələri dövründə Borçalı tez-tez nüfuz dairəsi dəyişən, lakin strateji əhəmiyyətini itirməyən bir coğrafi vahid olmuşdur.
XVIII əsrdən etibarən Rusiya, Osmanlı və Qacar dövlətlərinin toqquşma məkanı olan Borçalı, 1801-ci ildə Rusiya imperiyasına birləşdirilmiş, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə digər Şimali Azərbaycan torpaqları ilə birlikdə Rusiya işğalına məruz qalmışdır. Beləliklə, Borçalı əzəldən bəri türk etnosunun sıx məskunlaşdığı, lakin siyasi rəqabətlərin daim təzyiqində qalmış mühüm bir bölgə kimi tarixdə mühüm yer tutmuşdur.
Açar sözlər: Borçalı, Xanlıqlar, Cənubi Qafqaz, Səfəvilər, Osmanlı-Səfəvi müharibələri, Rusiya işğalı, Türkmənçay müqaviləsi.
