RƏBİYYƏT ASLANOVA
Bakı Dövlət Universiteti,
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası
Fəlsəfə elmləri doktoru, professor
ƏHMƏD YÜKNƏKİNİN ƏDƏBİ-FƏLSƏFİ İRSİ
DOI: https://doi.org/10.36719/2708-065X/110/33-43
Türk-islam mədəniyyətinin qiymətli ədəbi əsərləri ilə zənginləşdirən alimlər içərisində Əhməd Yüknəkinin xüsusi yeri var. Onun zəngin irsi islamiyyət sonrası mərhələdə Orta Asiya xalqlarının ədəbi-fəlsəfi düşüncəsində mühüm yer tutur. Əhməd Yüknəkinin mənəvi dünyasına, islam əxlaqının əqidələrə hakim olması yolundakı xidmətlərinə, öz tərzi-hərəkətləri və düşüncələri ilə insanlara örnək olmaq istedadına yüksək qiymət verən müasirlərinin onun “Ədib” adı ilə mükafatlandırması bu mütəfəkkirin adının tarixdə əbədiləşdirilməsini təmin etmişdir. Müəllifin məqsədi insanlara islam əxlaqının gözəlliyini, saf mənəviyyatın təbliğini, kamil insan tərbiyəsini önəmini çatdırmaqdır. Əhməd Yüknəkinin öz əsərinə “Hibatül-Həqayik” (Həqiqətlərin Hədiyyəsi) adının verilməsi təsadüf sayıla bilməz. Zəka sahibi olan insanın həqiqət axtarışlarının sonunda əldə etdikləri biliklər gerçək bir hədiyyədir. Öz ictimai-fəlsəfi baxışlarında Əhməd Yüknəki insanların həyatında elmin, biliyin rolunu xüsusi dəyərləndirmişdir.
Açar sözlər: Türk-islam mədəniyyəti, Hibatü’l Hakayik, ədəb-əl din və ədəb-əl dünya prinsipi, islam əxlaqi dəyərləri, fəsləfi-etik görüşlər.
