SƏİDƏ QULİYEVA
Bakı Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru
ORCİD İD 0000-0003-4320-3425
20 YANVARDAN VƏTƏN MÜHARİBƏSİNƏ:
AZƏRBAYCAN XALQININ ŞƏHİDLİK YADDAŞI VƏ ANIM MƏKANLARI
DOI: https://doi.org/10.36719/2708-065X/110/16-22
Tədqiqat 20 Yanvar faciəsinin 35 illiyinə,
Vətən müharibəsinin 5 illiyinə həsr edilir.
Tədqiqatın məqsədi 20 Yanvar faciəsindən başlayaraq Qarabağ müharibələri dövründə Azərbaycanın müxtəlif bölgələrində yaradılmış Şəhidlər Xiyabanlarının yaranmasını və ideoloji mahiyyətini araşdırmaqdan ibarətdir. Eyni zamanda şəhidlik anlayışın Azərbaycan xalqı üçün mahiyyəti və milli kimliyin formalaşmasına təsirləri izah edilir. Tədqiqat obyektini bu məkanların kollektiv yaddaşın formalaşmasında, milli kimliyin qurulmasında və dövlət ideologiyasının təbliğində oynadığı rol təşkil edir. Aparılan təhlillər göstərir ki, şəhidlik Azərbaycan cəmiyyətinin tarixi şüurunda dərin iz buraxmış və bu hadisələrə ictimai münasibət, zamanla anım məkanlarının formalaşmasına səbəb olmuşdur. Xüsusilə 20 Yanvar faciəsi şəhidlik anlayışını milli, siyasi və dini dəyər səviyyəsinə yüksəltmiş, bu konsepsiya daha sonra Qarabağ müharibələri zamanı ölkənin müxtəlif bölgələrində yaradılmış Şəhidlər Xiyabanlarında davam etdirilmişdir. Nəticə etibarilə, bu məkanlar yalnız dəfn yerləri deyil, həm də milli birliyin simvolu, vətənpərvərlik ruhunun təzahürü və kollektiv yaddaşın daşıyıcıları kimi çıxış edir.
Açar sözlər: Azərbaycan, Qarabağ müharibəsi, Şəhidlər Xiyabanı, 20 Yanvar, Xocalı soyqırımı.
