ŞÖLƏ MƏMMƏDOVA
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin kiçik elmi işçisi
1945-1953-CÜ İLLƏR AZƏRBAYCAN SSR-DƏ SOVET SİYASİ REJİMİNİN SƏRTLƏŞMƏSİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/178-186
Məqalədə Azərbaycan SSR-də 1945-1953-cü illərdə sovet siyasi rejiminin qədəm basdığı növbəti sərtləşmə mərhələsi nəzərdən keçirilmişdir. Aparılan araşdırma gedişində Sovet hökumətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi sürgün və deportasiya siyasəti, milli mənəvi dəyərlərə qarşı yönəlmiş məhdudedici tədbirlər, yadelli kadrların Azərbaycanda rəhbər vəzifə tutması, gizli İldırım təşkilatının nümunəsində sovet siyasi rejiminə qarşı mübarizə cəhdləri barədə məlumat verilir. Bununla yanaşı sovet siyasi rejiminin sözügedən illərdə xalqımıza, dövlətçilik ənənələrimizə vurduğu zərər zəngin faktoloji bazaya istinadla səciyyələndirilmiş, Ermənistan SSR-də yaşayan soydaşlarımızın faktiki fiziki məhvinə hesablanmış deportasiyası tədbirləri xüsusi vurğulanmışdır. Məqalədə qarşıya qoyulan problem araşdırılarkən əldə edilən ən mühüm yenilik, fikrimizcə, 1945-1953-cü illərdə mövcud rejimin Azərbaycan xalqına qarşı sərgilədiyi sərt tədbirlərin əslində 1920-ci il 27 aprel işğalından sonra başlanan sovet repressiyalarının yekun mərhələsi olması müddəasının əsaslandırılmasıdır. Çünki, “İldırım” təşkilatının darmadağın edilməsi ilə Azərbaycanda istər istiqlal ideyalarının daşıyıcılarına, istərsə də antitotalitar düşüncə sahiblərinə olduqca ciddi zərbə endirilmişdi. Bu, sonrakı onilliklərdə milli oyanış təzahürlərinin daha çox mədəniyyət və filologiya məsələləri müstəvisində özünü göstərməsinə səbəb olmuş, totalitar rejimə qarşı siyasi müqavimətin önəmli dərəcədə zəifləməsinə gətirib çıxarmışdı. Təsadüfi deyildi ki, 1980-ci illərin ortalarınadək biz milli hərəkatın hansısa təşkilati formasına rast gəlmirik.
Açar sözlər: Azərbaycan SSR, deportasiya, İldırım təşkilatı, totalitar rejim.
