ŞAHISMAYIL İSMAYILOV
Azərbaycan Dillər Universiteti, Slavyan Universiteti,
Azərbaycan Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent
ORCID: https://orcid.org/0000-0002-7441-3575
AZƏRBAYCAN VƏ TÜRKİYƏ SİYASİ ƏLAQƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/120-129
Azərbaycan və Türkiyə arasındakı siyasi əlaqələr əsrlər boyu ortaq tarixi, mədəni və milli dəyərlər üzərində formalaşmışdır. Hər iki dövlətin tarixində baş verən mühüm hadisələr, bu əlaqələrin inkişafına və dərinləşməsinə mühüm təsir göstərmişdir. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında qurulan diplomatik münasibətlər, müasir dövrün siyasi inteqrasiyasının təməlini qoymuşdur. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə Türkiyə bu hadisəni ilk tanıyan dövlət olaraq tarixi qardaşlığını siyasi səviyyədə təsdiqləmişdir.
Müstəqillik dövründən etibarən iki ölkə arasında imzalanan strateji sazişlər, iqtisadi və hərbi əməkdaşlıqlarla yanaşı, siyasi münasibətlərin yeni mərhələsini yaratmışdır. Bu prosesdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılıqlı siyasi etimadın güclənməsinə və regional sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm addımlar atmışlar. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan–Türkiyə münasibətlərini sadəcə müttəfiqlik səviyyəsinə deyil, eyni zamanda strateji və siyasi birliyə yüksəltmişdir. Bu sənəd iki qardaş dövlətin suverenlik, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində eyni istiqamətdə hərəkət etdiyini göstərir. Bəyannamə ilə formalaşan siyasi sinxronluq Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoymuşdur.
Məqalədə Azərbaycan və Türkiyə siyasi əlaqələrinin tarixi kökləri, müasir mərhələdə dövlət başçılarının bu əlaqələrin inkişafındakı rolu, həmçinin Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti geniş şəkildə təhlil olunur.
Açar sözlər: Azərbaycan, Türkiyə, siyasi əlaqələr, Şuşa Bəyannaməsi, strateji tərəfdaşlıq, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, geosiyasi əməkdaşlıq.
