GÜLŞƏN HÜSEYNOVA
Azərbaycan Hərb Tarixi Muzeyində şöbə rəisi,
t.ü.f.d.
AZƏRBAYCANDA SİLAH İSTEHSALININ TARİXİNƏ DAİR
BƏZİ MƏLUMATLAR
DOI: https://doi.org/10.36719/2708-065X/112/210-217
Məqalədə qədim dövrdən XIX əsrin əvvəllərinədək Azərbaycanda metalişləmə sənətkarlığının geniş yayılmış sahələrindən olan silahsazlıq və dəmirçilik sənəti, silah istehsalının tarixi, silahsazlığın növləri, soyuq və odlu silahların hazırlanma texnikası, tanınmış silahsaz ustaları mötəbər mənbə və ədəbiyyatlar əsasında tədqiq olunmuşdur. Azərbaycan tarixinin və onun tərkib hissəsi olan hərb tariximizin öyrənilməsində qədim dövrdən XIX əsrin əvvəllərinədək döyüşlərdə tətbiq edilmiş silah nümunələrinin araşdırılması olduqca mühüm sahələrdən biridir. Azərbaycanda silahsazlıq sənəti yalnız peşəkarlıq, estetik incəlik və texnoloji inkişafı deyil, həm də milli-identiteti, hərb tariximizi və gənc nəslə ötürülən vətənpərvərlik ruhunu da özündə əks etdirir. Qədim silahlarımız Azərbaycan döyüşçüsünün peşəkarlığını, hərbi bacarığını nümayiş etdirməklə yanaşı, ölkəmizdə metalişləmənin mühüm istiqamətlərindən olan silahsazlıq sənətinin nə qədər qədim olduğunu, bu sənətin zamanla keçdiyi mürəkkəb inkişaf yolunu izləməyə imkanı verir. Həmçinin silahların tədqiqi Azərbaycanda metalişləmənin ayrı-ayrı sahələrində tətbiq olunan texnika və texnologiyanı müəyyənləşdirməyə, sənətkarlığın inkişaf dinamikası, sənətdaxili ixtisaslaşmanın səviyyəsi haqqında fikir söyləmək üçün böyük əhəmiyyətə malikdir.
Açar sözlər: Azərbaycan, metalişləmə sənətkarlığı, silahsazlıq, dəmirçilik, müdafiə silahları, soyuq silahlar, odlu silahlar.
