İRADƏ AVŞAROVA
Bakı Dövlət Universiteti Tarix fakültəsi
Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti, t.ü.f.d.
AZƏRBAYCANIN ANTROPOMORF QABLARI HAQQINDA
DOI: https://doi.org/10.36719/2708-065X/112/188-191
Antik dövrdə Azərbaycan ərazisində yaşamış tayfaların dini dünyagörüşlərinin inkişafında Qarabağın eneolit və tunc dövrü tayfalarının dini-ideoloji ənənəsi özünü göstərir. Elə həmin səbəbdən də antik dövrün maddi mədəniyyət nümunələrində yaranışla bağlı kultların izlərinə çox rast gəlinir. Mövcud cəmiyyətdə əkinçi və maldar tayfaların yaşadığı çağ, müxtəlif təsərrüfat sahələrinin, o cümlədən sənətkarlıq və incəsənətin çiçəkləndiyi dövr sayılır. Məlumdur ki, incəsənət hər zaman insanların yaradıcılığı ilə bağlı olmaqla yanaşı, həm də insanlar arasında ünsiyyət vasitəsi olmuşdur. Aparılan arxeoloji qazıntılar zamanı ərazisində yaşamış tayfaların çoxçeşidli incəsənət və sənətkarlıq kolleksiyası toplanmışdır. Həmin kolleksiyalar içərisində dövrün tayfalarının dini-ideoloji düşüncələrinin təsirindən doğan, qadın obrazlı artefaktları nadir sənət nümunələri hesab etmək olar.
Açar sözlər: din, ideologiya, qadın, məhsuldarlıq, sənətkarlıq.
