LƏMAN QASIMOVA
Bakı Dövlət Universiteti
İLKİN ƏSƏDLİ
Bakı Dövlət Universiteti
AVROPA İTTİFAQININ YUMŞAQ GÜC STRATEGİYASININ ANALİZİ
ŞƏRQ TƏRƏFDAŞLIĞI KONTEKSTİNDƏ
DOI: https://doi.org/10.36719/2708-065X/112/125-129
Məqalədə araşdırılan əsas məsələ Avropa araşdırmalarında nəzəri bax;mla yanaşı praktiki baxımdan böyük əhəmiyyət daşıyır. Söhbət Avropa İttifaqının öz ətraf mühitinə, xüsusilə də şərq qonşularına necə təsir göstərdiyi və bu ölkələri öz maraqları istiqamətində necə formalaşdırdığı məsələsindən gedir. Məqalədə Aİ-nin spesifik xüsusiyyətlərinə toxunulmuşdur. Məqalədə İttifaq yumşaq gücdən istifadə edir və bu güc daha çox onun dəyərlər sistemi, mədəni kimliyi və Şərq Tərəfdaşlığı ölkələrinə yönəlmiş siyasi təşəbbüsləri ilə əlaqələndirildiyi əks olunub. Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ilin mayında Avropa Qonşuluq Siyasəti çərçivəsində irəli sürülsə də, əvvəlki siyasətin ən zəif tərəfini tərəfdaş ölkələrə yetərincə stimul və dəstəyin göstərilməməsini təkrarlamışdır. Məqalənin əsas məqsədi Şərq Tərəfdaşlığının mahiyyətini, hədəflərini və fəaliyyət mexanizmlərini təhlil etmək, eyni zamanda bu təşəbbüsü Aİ-nin regiondakı yumşaq gücünün əsas aləti kimi qiymətləndirməkdir. Avropa İttifaqının yumşaq gücünün real təsir imkanları da müzakirə mövzusu olaraq qalır. Lakin post-sovet məkanında Aİ-nin şərq qonşularına yönəlmiş siyasətinin nə dərəcədə təsirli olduğu və onun həqiqətən “yumşaq güc” kimi çıxış edib-etmədiyi sual altındadır.
Açar sözlər: Şərq Tərəfdaşlığı, yumşaq güc, Avropa Qonşuluq Siyasəti, demokratikləşmə.
