GÜNEL YUSİBOVA
Gəncə Dövlət Universiteti
“Sosial fənlər” kafedrasının dissertantı
AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ MÜNASİBƏTLƏRİNİN
İLKİN HÜQUQİ BAZASININ TƏHLİLİ
Azərbaycan-Türkiyə münasibətləri müasir dövrdə bütün istiqamətlər üzrə inkişafının ən sürətli mərhələsini yaşayır. İki dövlət arasında hərbi-siyasi münasibətlər üçün də həmin fikri qeyd etmək olar. Torpaqlarının iyirmi faizinin işğal edilməsi reallığı və müstəqilliyini qorumaq ehtiyacı Azərbaycan Respublikasını ən etibarlı dövlət kimi həmişə Türkiyəyə arxalanmağa və xarici əlaqələrinin bütün sahələri üzrə, o cümlədən hərbi sahədə əsas tərəfdaş kimi əməkdaşlıq etməyə vadar etmişdir. Məhz bu münasibətlər, 44 günlük müharibə zamanı işğal altındakı torpaqların azad edilməsində həlledici rol oynamışdır. Münasibətlərin bu qədər səmimi olduğu iki dövlətə dünyada çox az rastlanmasına baxmayaraq, tərəflər arasında münasibətlər beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamışdır. Hərbi münasibətlərin bütün istiqamətləri üzrə əməkdaşlıq, Azərbaycanın müstəqilliyini əldə etdiyi gündən başlayaraq ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə əsaslanmışdır. Bu məqalədə Azərbaycan-Türkiyə hərbi əlaqələrinin əsasını təşkil edən beynəlxalq hüquqi sənədlər və bu sənədlərdən irəli gələn konkret addımlar tədqiq edilmişdir.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, burada 1990-cı illərdə Azərbaycan ilə Türkiyə respublikaları arasında imzalanmış və hərbi münasibətləri tənzimləyən sənədlər tədqiq edilmişdir.
Tədqiqatın gəldiyi nəticəsi ondan ibarətdir ki, iki dövlət arasından hərbi münasibətlərin inkişafına hüquqi əsas hazırlamaq üçün, həmçinin dövrün tələblərinə uyğun həm müdafiə məqsədli təlimlərin keçirilməsi, həm də silah-sursat və hərbi ləvazimatların təmin edilməsinə imkan verən müqavilələr imzalanmış, hərbi münasibətlərin şaxələnməsinə uyğun olaraq hüquqi-normativ baza getdikcə təkmilləşdirilmişdir.
Açar sözlər: Azərbaycan-Türkiyə hərbi-siyasi əlaqələri, beynəlxalq hüquq normaları, beynəlxalq müqavilə.