İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
AZƏRBAYCANIN İTİRİLMİŞ TARİXİ ƏRAZİSİ:
QƏRBİ ZƏNGƏZUR
DOI: https://doi.org/10.36719/2708-065X/112/36-42
Məqalədə Rusiyanın-Qacarlar İranı və Osmanlı dövləti ilə apardığı müharibələrdən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına – Qarabağa, Zəngəzura, Naxçıvana, İrəvana və b. ərazilərə köçürülməsi, ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən sonra Qərbi Zəngəzurun Ermənistan SSR-yə verilməsindən bəhs edilir. XX əsrin əvvəllərində Cənubi Qafqazda dövlətlərin, eləcə də Ararat Respublikasının yaranmasından sonra erməni daşnakları ərazilərini genişləndirmək, bu ərazilərin aborigen əhalisi, azərbaycanlıları yaşadıqları torpaqlardan çıxarılması üçün soyqırıma başlanmış, yüzlərlə kənd və qəsəbələr dağıdılmış, yandırılmış və azərbaycanlılar soyqırıma məruz qalmışlar. Çar Rusiyasının ermənilərlə bağlı siyasətini Sovet Rusiyası, sonra isə Sovet dövləti davam etdirmişdir. Bu siyasət ermənilərin xeyrinə, azərbaycanlıların əleyhinə yönəlmişdi. Ermənistan Respublikası Sovet dövlətinə arxalanaraq Azərbaycanın bir sıra torpaqlarını zor gücünə ələ keçirmişdir. Qərbi Zəngəzur Sovet dövlətinin anti Azərbaycan siyasətinin nəticəsində Ermənistan SSR-yə verilmişdir. Ermənistan SSR 9 min kv. km ərazi ilə Azərbaycan torpaqlarında yaradılmış, Sovet dövlətinin ermənipərəst siyasəti nəticəsində 29,8 min kv. km əraziyə malik olmuşdur.
Açar sözlər: Azərbaycan, Qərbi Zəngəzur, Sovet dövləti, anti Azərbaycan siyasəti, erməni daşnakları, soyqırım, itirilmiş torpaqlar.
