LEYLA ƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
Orcid-0000-0002-8195-6092
leyla.eliyeva@sdu.edu.az
İRƏVAN XANLIĞININ ETNİK TƏRKİBİ
DOI: https://doi.org/10.36719/2708-065X/112/31-35
İrəvan xanlığının etnik tərkibi tarixi müddət ərzində böyük dəyişikliklərə məruz qalmışdır. Xanlıq yarandığı dövrdə Azərbaycan türkləri əhalinin əksəriyyətini təşkil etmişdir. XIX əsrin əvvəllərinə qədər bu vəziyyət davam etmiş, lakin Rusiyanın Cənubi Qafqazda apardığı işğalçılıq siyasəti və ermənilərin kütləvi köçürülməsi nəticəsində bölgənin demoqrafik vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Türkmənçay və Ədirnə müqavilələrindən sonra İran və Türkiyədən İrəvana və Yelizavetpol quberniyalarına on minlərlə erməni köçürülmüşdür. Bu dəyişikliklər bölgənin sosial, iqtisadi və mədəni həyatına ciddi təsir göstərmişdir. Buna baxmayaraq, tarixi mənbələr İrəvan xanlığının uzun müddət əsas etnik qrupunun Azərbaycan türkləri olduğunu təsdiqləyir və bu fakt bölgənin etnik və siyasi dinamikalarını daha yaxşı anlamağa kömək edir.
Açar sözlər: etnik tərkib, İrəvan xanlığı, Türkmənçay müqaviləsi, erməni köçü, Rusiya.
