MÜBARİZ GÖYÜŞLÜ
AMEA Mərkəzi Elmi Kitabxanası,
Bakı Dövlət Universiteti
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi
AZƏRBAYCAN-TÜRKİYƏ MEDİA PLATFORMASI TÜRK DÜNYASININ İNTEQRASİYASINDA MÜHÜM ROL OYNAYA BİLƏR
Məqalədə Azərbaycan ilə Türkiyə arasında istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də digər sahələrdə əlaqələrin inkişafının rolu qeyd olunur ki, bu da iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. Bildirilir ki, indiki mərhələdə media sahəsində birlik ən yüksək səviyyədə bizə lazım olan nüansdır. Çünki beynəlxalq media korporasiyalarının, eləcə də onlara tabe olan bəzi təşkilatların, dövlətlərin və ayrı-ayrı şəxslərin istər Azərbaycana, istərsə də Türkiyəyə münasibətdə apardıqları yalan təbliğat ictimai rəyi bizə qarşı yönəltməyə hesablanıb. Məqalədə qeyd olunur ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı erməni təbliğat maşını ilə mübarizədə Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyənin mətbuatı və jurnalistləri verib. Bu həssas dövrdə Azərbaycan və Türkiyənin birgə fəaliyyəti informasiya müharibəsində üstünlüyü qoruyub saxlamaqda bizə çox kömək etdi. Məqalədə, xüsusən də təbliğat proseslərinin sistemli və davamlı formada həyata keçirilməsi üçün birgə platformanın yaradılması və onun köməyi ilə informasiya müharibəsində üstünlüyə nail olunması tələb olunur.Azərbaycan və Türkiyənin ortaq media platformasının yaradılması istiqamətində hər iki ölkənin mediasına məsul qurumların nümayəndələri tərəfindən görülən işlər və səylər təhlil edilib. Belə bir platformanın yaradılmasının qlobal informasiya müharibəsində yaranan təhlükələrin qarşısının alınmasına, media sahəsində birgə səylərin artırılmasına, beynəlxalq aləmdə hər iki ölkədən həqiqətə uyğun məlumatların yayılmasına böyük kömək edəcəyi vurğulanıb. Bu ortaq platforma hər iki ölkənin, eyni zamanda türk dünyasının inteqrasiyasında xüsusi rol oynayacaq.
Açar sözlər: Azərbaycan, Türkiyə, media platforması, türk dünyası, jurnalistika.