SEVİNC ZEYNALOVA
Bakı Dövlət Universiteti
Qədim dünya və orta əsrlər tarixi kafedrasının baş müəllimi
RUSİYA TARİXŞÜNASLIĞINDA
SƏFƏVİ-OSMANLI MÜNASİBƏTLƏRİNİN ARAŞDIRILMASINA DAİR
DOI: https://doi.org/10.36719/2708-065X/113/275-280
Məqalədə XVI-XVII əsrlərdə Səfəvi və Osmanlı dövlətləri arasında mövcud olmuş münasibətlərin Rusiya tarixşünaslığında araşdırılması məsələləri təhlil olunur. Tədqiqat çərçivəsində Rusiya tarixşünaslığında problemin öyrənilməsi üç əsas mərhələ üzrə: imperiya, sovet və post-sovet dövrləri kontekstində nəzərdən keçirilir. Nəzərdən keçirilən hər mərhələ üçün formalaşmış metodoloji yanaşmalar, ideoloji çərçivələr və konseptual istiqamətlər müqayisəli şəkildə qiymətləndirilir. Məqalədə konfessional, geosiyasi, sosial-iqtisadi və sivilizasiya yanaşmaların xüsusiyyətləri müəyyənləşdirilir, onların qarşılıqlı əlaqəsi və transformasiya prosesi təhlil olunur. Eyni zamanda, Rusiya tarixşünaslığında adı çəkilən məsələlərlə bağlı mövcud metodoloji məhdudiyyətlər və fərqli interpretasiya problemləri tənqidi baxımdan araşdırılır. Nəticə etibarilə göstərilir ki, Rusiya tarixşünaslığı Səfəvi-Osmanlı münasibətlərinin öyrənilməsində mühüm mənbəşünaslıq bazası yaratmış, lakin müxtəlif dövrlərdə siyasi-ideoloji kontekst mövzunun bəzi hallarda qərəzli araşdırılmasına yol açmışdır.
Açar sözlər: Səfəvilər, Osmanlılar, Rusiya tarixşünaslığı, metodoloji yanaşma, tarixi interpretasiya.
