BALAMİRZƏ MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin doktorantı
“AZADLIĞI MÜDAFİƏ AKTI”NA 907-Cİ DÜZƏLİŞİN SƏBƏBLƏRİNİN TARİXŞÜNASLIĞI
DOI: https://doi.org/10.36719/2708-065X/113/166-173
35 illik tarixə malik Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq və strateji qarşılıqlı fəaliyyətlə xarakterizə olunur. 2025-ci ilin avqustunda Vaşinqton sammiti və onun nəticələri, 2026-cı ilin fevralın 10-da iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanması bunu aydın surətdə təsdiq edir. Lakin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı heç də həmişə hamar getməmiş, tarixən bu inkişaf yolunda müxtəlif maneələr meydana çıxmışdır. Xüsusilə, ikitərəfli münasibətlərin yenicə qurulduğu illərdə yaranmış belə əngəllərdən biri “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş olmuşdur. Məqalə postsovet dövründə ABŞ-nin Azərbaycanla bağlı ən mübahisəli qanunvericilik aktlarından biri və ya birincisi olan 907-ci düzəlişin səbəblərinin tarixşünaslığına həsr edilmişdir. ABŞ Konqresinin 1992-ci ilin oktyabrında qəbul etdiyi bu düzəliş uzun müddət Azərbaycana birbaşa dövlət yardımının göstərilməsinə qadağa qoyaraq Azərbaycan-ABŞ münasibətlərinin inkişafına nərəçarpan təsir göstərmişdir. Məqalədə “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin səbəblərinə dair həm milli, həm də xarici tarixşünaslıq şərhləri müqayisəli təhlil edilir, ABŞ-dəki etnik lobbi qruplarının fəaliyyəti və Azərbaycanın o vaxtkı xarici siyasətinin xüsusiyyətlərinə dair tədqiqat yanaşmalarına xüsusi diqqət yetirilir.
Açar sözlər: Azərbaycan, ABŞ, “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş, lobbiçilik, xarici siyasət, tarixşünaslıq.
