TALEH CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə)
kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı
https://orcid.org/0009-0005-4833-0679
AMERİKA ERMƏNİ ASSAMBLEYASI VƏ AMERİKA ERMƏNİ MİLLİ KOMİTƏSİNİN STRUKTURU, ƏLAQƏLƏRİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/114-120
Xarici təsir gücünə malik etnik lobbilər ABŞ xarici siyasətinin əsasını müəyyən edən əsas aktorlardan biridir. Güclü maliyyə imkanlarına malik olan etnik lobbilər içərisində yəhudi, yunan və erməni lobbiləri xüsusilə fərqlənirlər. ABŞ-də erməni lobbisinin ən aktiv təşkilatları arasında Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi xüsusilə fərqlənirlər. Bu iki təşkilat Amerikanın siyasi həyatında erməniləri narahat edən məsələləri təbliğ edən ən böyük erməni lobbi strukturlarıdır. Onlar tez-tez bir-biri ilə rəqabət aparsalar da, ümumilikdə onların məqsədləri üst-üstə düşür. İlk növbədə, müstəqil Ermənistan dövlətinin maraqlarının müdafiəsi, qondarma soyqırımın tanınması, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetməsi, hüquqlarının dəstəklənməsi və hakimiyyətin diqqətini bilavasitə icmanın problemlərinə yönəltmək, o cümlədən bu iki təşkilatın xüsusi lobbi təşkilatlarının köməyi ilə həyata keçirdiyi Türkiyə və Azərbaycan lobbisinə qarşı mübarizə təşkil edir.
Açar sözlər: erməni lobbisi, Amerika Erməni Assambleyası, Amerika Erməni Milli Komitəsi, maraq qrupları, siyasi hədəflər.
