XƏZƏR NƏSİBLİ
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
“Azərbaycanın VII-XIV əsrlər tarixi”şöbəsinin doktorantı
HÜLAKU-QƏRB DİPLOMATİYASINDA XRİSTİAN VASİTƏÇİLİYİ:
HÜLAKÜ XAN VƏ ABAQA XANIN PAPALARA ÜNVANLANMIŞ MƏKTUBLARININ TƏHLİLİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/18-25
XIII əsrin ikinci yarısında Elxani dövləti ilə Qərb arasında formalaşan diplomatik münasibətlər orta əsr beynəlxalq əlaqələrinin ən mürəkkəb səhifələrindən birini təşkil edir. Bu tədqiqat Elxani hökmdarı Hülakü xanın oğlu Abaqa xan (1265-1282) tərəfindən Roma papalarına göndərilən rəsmi məktubların təhlili və bu diplomatik sənədlərin hazırlanması prosesində xristian elementlərinin oynadığı rolun araşdırılmasına həsr olunmuşdur.
1260-cı ildə Əyn Cəllut döyüşündə monqol ordusunun məğlubiyyəti Elxani hökmdarlarını Məmlüklərə qarşı mübarizədə Qərb xristian dövlətlərini özünə müttəfiq etmək üçün intensiv diplomatik fəaliyyətə sövq etdi. 1262-ci ildə Hülakü xan Papa IV Urbana məktub göndərərək "kafirlərin əlində olan müqəddəs Qüds şəhərini" xristianlığa qaytarmaq niyyətini bəyan etdi. Lakin bu məktubda ənənəvi monqol ideologiyası öz əksini tapırdı: "Əbədi Göyün qüvvəsi ilə" ifadəsi Çingiz xan və onun varislərinə verilmiş ilahi mandatı vurğulayır və dolayı yolla Qərb dövlətlərindən monqol supremasiyasını tanımaq tələbini irəli sürürdü.
Abaqa xan atasının diplomatik xəttini davam etdirərək, lakin daha çevik və diplomatik yanaşma nümayiş etdirdi. Onun hakimiyyəti dövründə Elxanilər dövləti şimaldan Qızıl Orda, şərqdən Çağatay xanlığı və cənub-qərbdən Məmlük sultanlığı ilə eyni vaxtda mübarizə aparmalı idi.
Açar sözlər: Abaqa xan, Hülakülər, Elxanilər, Qızıl Orda, Qərb diplomatiyası.
