YEGANƏ BAXŞIYEVA
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsi,
böyük elmi işçi, s.e.ü.f.d.
ORCID ID: 0000-0001-7922-5955
CƏNUBİ QAFQAZDA HİDROƏMƏKDAŞLIQ POTENSİALI:
MƏQSƏDLƏR VƏ PRİNSİPLƏR
DOI: https://doi.org/10.36719/2708-065X/114/200-204
Məqalədə Cənubi Qafqaz regionunda hidroəməkdaşlıq potensialı, onun formalaşmasına təsir edən əsas amillər, məqsədlər və prinsiplər elmi baxımdan təhlil olunur. Regionun zəngin su ehtiyatlarına malik olması, eyni zamanda bu ehtiyatların transsərhəd xarakter daşıması dövlətlər arasında qarşılıqlı əməkdaşlığın zəruriliyini ön plana çıxarır. Tədqiqat çərçivəsində su resurslarının səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, enerji və kənd təsərrüfatı sahələrində sudan istifadənin optimallaşdırılması kimi prioritet istiqamətlər müəyyənləşdirilir. Tədqiqat işində hidroəməkdaşlığın əsas məqsədləri kimi su ehtiyatlarının ədalətli bölüşdürülməsi, davamlı inkişafın təmin olunması, regional sabitliyin gücləndirilməsi və ekosistemlərin qorunması göstərilir. Bununla yanaşı, beynəlxalq hüquq normalarına uyğunluq, qarşılıqlı etimad, şəffaflıq və məlumat mübadiləsi hidroəməkdaşlığın əsas prinsipləri kimi əsaslandırılır. Nəticə etibarilə, Cənubi Qafqazda hidroəməkdaşlığın inkişafı yalnız iqtisadi və ekoloji faydalarla məhdudlaşmır, həm də regionda siyasi dialoqun və uzunmüddətli sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Açar sözlər: transsərhəd sular, hidroenerji, su diplomatiyası, Cənubi Qafqaz, iqlim adaptasiyası.
