QABİL BƏŞİROV
Azərbaycan Dövlət Pedaqoji Univeristetinin
Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
AFAQ PİRİYEVA
Azərbaycan Dövlət Pedaqoji Univeristetinin
Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
SOVET İMPERİYASINDA SÜRƏTLƏNDİRİLMİŞ
STALİNÇİ SƏNAYELƏŞDİRMƏNİN YEKUNLARI VƏ NƏTİCƏLƏRİ
(1928-1940)
DOI: https://doi.org/10.36719/2708-065X/114/110-116
Məqalədə 1922-ci ildə dünyanın siyasi xəritəsinə Sovet Sosialist Respublikaları İttifaqı adı ilə daxil olan dövlətin 1920-ci illərin ikinci yarısında iqtisadi həyatın yenidən qurulması yollarının və vasitələrinin müəyyənləşdirilməsi problemi ilə üz-üzə qalması, bu problemlə bağlı partiya daxilində gedən qızğın diskussiyalar, Stalinin təzyiqləri nəticəsində ağır sənayeyə üstünlük verməklə sürətləndirilmiş sənayeləşdirmə planının qəbul edilməsi, Stalinin mövqeyinin güclənməsi məsələləri öyrənilir. İşdə sürətləndirilmiş sənayeləşdirmə dövründə imperiyanın iqtisadi-texniki geriliyinin aradan qaldırılmasına, iqtisadi müstəqilliyinin təmin olunmasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə imkan verən tədbirlər qeyd olunur, sənayeləşdirmə üçün lazım olan vəsaitin əldə olunması yolları göstərilir.
Məqalədə konkret faktlar əsasında göstərilir ki, SSRİ-Almaniya müharibəsinə qədərki dövrdə xalq təsərrüfatı sahəsində əldə olunmuş irəliləyişlər böyük itkilər, məhrumiyyətlər, faciəvi hadisələr hesabına əldə olunmuşdu. Qeyd olunur ki, əhalinin maddi rifahı heç də yaxşı deyildi, 1930-cu illərin əvvəllərində baş vermiş dəhşətli aclıq nəticəsində milyonlarla insan məhv oldu, sürətləndirilmiş sənayeləşdirmə kənddən şəhərə axını gücləndirdi, bu isə şəhərlərdə mənzil problemini daha da kəskinləşdirdi, kənd təsərrüfatında işləyənlərin sayı azaldı, iqtisadi problemlərin aradan qaldırılmasında məhbus əməyindən də istifadə olunurdu.
Mövzunun aktuallığı. Sovet imperiyasının tarixinin ən ziddiyyətli, mürəkkəb və təzadlı dövrlərindən birini sürətləndirilmiş sənayeləşdirmə xəttinin də daxil olduğu ilk sovet beşillikləri təşkil edir. Sürətləndirilmiş stalinçi sənayeləşdirmənin nəticələrinə və yekunlarına münasibət indinin özündə də fərqlidir. Qeyd olunan problemin araşdırılmasının davam etdirilməsi dövrün reallıqlarını aşkar etməyə, Sovet cəmiyyətinin üzləşdiyi problemlərin məzmununu başa düşməyə kömək edir.
Problemin elmi yeniliyi. Problemin araşdırılması zamanı ilkin mənbələrdən, yeni tədqiqatlardan istifadə olunmuş, faktların müqayisəli təhlili aparılmıs,sürətləndirilmiş sənayeləşdirmənin yekunları və nəticələrinə düzgün münasibət bildirilməsinə cəhd edilmişdir. Məqalənin elmi əhəmiyyəti. İşin materiallarından sürətləndirilmiş sənayeləsdirmə probleminin tarixinin öyrənilməsi zamanı istifadə etmək olar.
Açar sözlər: Sovet imperiyası, sənayeləşdirmə, kollektivləşdirmə, partiya, repressiya.
