KƏMALƏ RUİNTƏN
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Bakı Slavyan Universitetinin dosenti
https://orcid.org/0009-0006-1888-5240
ABŞ-nin YAXIN ŞƏRQ SİYASƏTİNƏ İSRAİL LOBBİSİNİN
TƏSİR MEXANİZMLƏRİ VƏ MANEVR İMKANLARI
(“Mavi Mərmərə” və “Qüds” qərarları nümunəsində)
DOI: https://doi.org/10.36719/2708-065X/113/101-113
ABŞ-nin xarici siyasəti ölkə Konstitusiyanın müəyyən etdiyi mürəkkəb institusional mexanizm çərçivəsində formalaşır. Bu prosesdə səlahiyyətlər əsasən Prezident, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Konqres arasında bölüşdürülür. Lakin ABŞ-nin xarici siyasət (o cümlədən Yaxın Şərq) strategiyası yalnız bu rəsmi qurumlarda deyil, həm də müxtəlif maraq qruplarının fəal şəkildə nüfuz etdiyi geniş siyasi ekosistemdə müəyyənləşir. Bu maraq qrupları arasında İsrail lobbisi öz maliyyə resursları, qanunverici orqana təsir imkanları və mütəşəkkilliyi ilə digərlərindən seçilir. “Mavi Mərmərə” və “Qüds qərarları” nümunəsində İsrail lobbisinin ABŞ-nin rəsmi dövlət strukturlarına təsir mexanizmlərini və onlar arasında manevr imkanlarını təhlil edərək belə qənaətə gəlirik ki, İsrail lobbisi ABŞ-nin Yaxın Şərq regiondakı prioritetlərinin formalaşmasında həlledici aktorlardan biri kimi çıxış edir.
Göstərilən hadisələrlə bağlı proseslər hər iki lider partiyanın hakimiyyəti dövrünə təsadüf etdiyi üçün İsrail lobbisinin təsir dinamikasının hakimiyyətdə olan partiyadan asılı olaraq dəyişdiyini müşahidə edirik. Bu, müşahidə israilyönlü lobbiçilərin “respublikaçıların ənənəvi olaraq İsrailə münasibətdə demokratlardan daha yaxşı mövqe tutur” tezisini, demək olar ki, təsdiq edir.
Açar sözlər: İsrail lobbisi; Amerika-İsrail İctimai Əlaqələr Komitəsi; Mavi Mərmərə; Qüds qərarları.
