ƏSMƏD MUXTAROVA

tarix elmləri doktoru, professor

Bakı Dövlət Universiteti

[email protected]

 

QABİL ƏLİYEV

tarix elmləri doktoru, professor

Bakı Dövlət Universiteti,

Azərbaycan Universiteti,

https://orcid.org/0000-0002-2372-5907

qabilalioglu1956@gmail.com

 

TARİXİMİZİN GÖRKƏMLİ TƏDQİQATÇISI

(Akademik İsmayıl Hacıyevin 75 illik yubileyi münasibətilə)

 

DOI: https://doi.org/10.36719/2708-065X/112/273-275


Respublika səviyyəsində 75 illik yubileyi geniş miqyasda qeyd edilən Vətən tarixinin fədakar tədqiqatçısı və təbliğçisi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olmuşdur. Culfa rayonunun Göydərə kənd orta məktəbini bitirmiş, 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Tarix” ixtisası üzrə I kursuna qəbul olunmuş, 4 il sonra həmin ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.

Əmək fəaliyyətinə Culfa rayonunun Xoşkeşin kənd məktəbində tarix müəllimi kimi başlamış, 1978-ci ildə isə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) işləməyə keçmişdir. Bu ali məktəbdə 1990-1996-cı illərdə Tarix-filologiya fakül­təsində dekan müavini, 1996-1997-ci illərdə elmi işlər üzrə prorektor, 1997-2003-cü illərdə tədris işlər üzrə prorektor vəzifələrində çalışmışdır.

İsmayıl müəllimin ilk ciddi tədqiqatı “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respubli­kasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)” mövzusunda dis­sertasiya işidir. O, bu əsərini uğurla müdafiə edərək 1992-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini, 1995-ci ildə isə dosent elmi adını almışdır. 

İsmayıl Hacıyev bundan sonra Vətən tarixinin önəmli problemlərinin öyrənilməsi sahəsində araşdırmalarını daha da genişləndirmişdir. O, 1999-cu ildə Naxçıvan Dövlət Universitetində birdəfəlik təşkil olunmuş Dissertasiya Şurasında “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiya işində Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan diyarının ən yeni dövr tarixi ilk dəfə sistemli şəkildə araşdırılmış, Azərbaycan tarixinin bu istiqamətinin mükəmməl, ümumiləşdirilmiş və bütöv elmi mənzərəsi yaradılmışdır.

Dissertasiya Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvləri də İsmayıl müəllimin bu əsərini Naxçıvan Muxtar Respublikasının müasir dövrünün Vətən tarixi kontekstində hərtərəfli araşdırılmasına həsr olunmuş sanballı tədqiqat işi kimi dəyərləndirmişlər. Əsərin müəllifinə elə həmin iclasda tarix elmləri doktoru elmi dərəcəsi diplomu təqdim edilmişdir.

İsmayıl müəllim 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə çıxış etmiş və bir il sonra AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü təyin edilmiş, həmçinin Azər­baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bu məsul vəzifədə çalışdığı 23 il ərzində Naxçıvan elmi mühitinin formalaşmasında, intellektual ənənələrin qorunub inkişaf etdirilmə­sində və bütövlükdə Azərbaycan elminin zənginləşməsində misilsiz xidmətlər göstərmişdir.

Akademik İsmayıl Hacıyev elmi düşüncəyə verdiyi dəyər, elmi araşdırmalara yeni başlayan gənc tələbələrinə aşıladığı akademik dürüstlük, milli tarixə sədaqət və intellektual məsuliyyət anlayışı ilə böyük bir alimlər nəslinin formalaşmasında müstəsna rol oynamışdır. Onun yaratdığı elmi məktəb yalnız tariximiz üçün vacib faktiki materialların toplanması ilə kifayətlənmir, həm də həmin faktları dövlətçilik, azərbaycançılıq təfəkkürü baxımından dəyərləndirir, elmi vicdan və milli yaddaşın qo­runması fəlsəfəsi ilə diqqətə çatdırmağa çalışır.

İsmayıl Hacıyevin Eldənizlər dövründə Naxçıvan bölgəsi, Çuxursəəd bəylərbəyliyinin Naxçıvan mahalı, Naxçıvan xanlığı, çarlıq Rusiyası dövründə Naxçıvan qəzası, Araz-Türk Respublikası, Naxçı­van MSSR və müasir Naxçıvan Muxtar Respublikası haqqında silsilə əsərləri bu qədim diyarın çoxəsr­lik tarixi haqqında aydın təsəvvür yaradır. Naxçıvanda yaşanmış ictimai-siyasi hadisələrin bu cür dərindən və sistemli şəkildə tədqiq olunması, həm də Azərbaycanın dövlətçilik tarixinin bütün əsas mərhələlərinin konkret region miqyasında inkişaf proseslərinin izlənməsinə imkan vermişdir. İsmayıl müəllim hər tarixi mərhələyə dair ciddi tədqiqatlar aparmaqla, çox mühüm ştrixlər əlavə etməklə, müraciət etdiyi mövzuları tam yeni forma və məzmuna malik olan fundamental elmi əsərlər şəklində meydana qoymuşdur.

Görkəmli tarixçi alim günümüzə qədər 58 adda kitab, monoqrafiya, dərs və tədris vəsaiti, 500-ə yaxın elmi məqalə ərsəyə gətirmişdir. Bu zəngin elmi irs milli dövlətçilik tariximizə və Azərbaycan elminə məsuliyyətlə və şərəflə xidmət göstərməyin parlaq nümunəsidir. Akademik İsmayıl Hacıyev bu əsərləri ilə Azərbaycanın dövlətçilik tarixinin Şəmsəddin Eldənizdən Heydər Əliyevə və İlham Əliyevə qədərki çoxəsrlik və keşməkeşli dövrünün tarixi salnaməsini yaratmağa nail olmuşdur. Onun tədqiqatlarında Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olmuş Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Heydərqulu xan Kəngərli, Kalbalı xan Naxçıvanski, Ab­basqulu xan Kəngərli, general Ehsan xan Naxçıvanski, Behbud ağa Şahtaxtinski, Məhəmməd xan Təkinski, Mirzə Nəsrullah Əmirov, Əmir bəy Nərimanbəyov, Bəhram xan Naxçıvanski və digər tarixi şəxsiyyətlərin hər birinin xidmətləri həmin tarixi dövrün hadisələri fonunda, real zəmində təhlil olunub qiymətləndirilmişdir. Müəllif bu tarixi şəxsiyyətlərin ömür yoluna elmi qiymət verərkən, onların Azər­baycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi sahəsindəki xidmətlərini əsas meyar kimi götürmüşdür. Görkəmli tarixi simalar haqqında bəhs etdiyimiz bu araşdırmalar Azərbaycan dövlətçilik tarixinin yeni faktlar və mülahizələrlə daha da zənginləşdirilməsinə töhfə vermişdir.

Akademik İsmayıl Hacıyevin çox mühüm tədqiqat istiqamətlərindən biri ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin görkəmli dövlət xadimi kimi fəaliyyətinin, Azərbaycanın dövlətçi­liyi möhkəmləndirmək uğrunda mübarizəsinin, zəngin siyasi irsinin araşdırılmasıdır. Onun “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyaları və ulu öndərə həsr olunmuş çoxsaylı məqalələri Əliyevşünaslığın çox qiymətli nümunələridir. İsmayıl Hacıyevin təqdimatında Heydər Əliyev beşmin­illik Azərbaycan dövlətçiliyi tarixində çox müdrik və uzaqgörən dövlət xadimi, siyasi konyukturanı son dərəcə ustalıqla dəyərləndirən, qabaqalayıcı addımlar ataraq ölkəmizi ola biləcək təhlükələrdən, məkrli planlardan xilas edən siyasətçi kimi dəyərləndirilmişdir. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi xilaskarlıq və quru­culuq missiyası tarixçi alimin tədqiqatlarında zəngin tarixi faktlar əsasında təhlil edilmişdir.

İsmayıl müəllim Heydər Əliyev fenomenini, onun 1993-cü ildə dağılmaqda olan Azərbaycanı yenidən toparlayıb güclü bir dövlət qurmasını, ölkə daxilindəki hərc-mərcliyin sonuna çıxmasını, bu günkü müstəqilliyimizi təmin edən neft kontraktlarının bağlanmasının əhəmiyyətini böyük ustalıqla araşdırmışdır. Ulu öndəri, sələflərindən fərqli olaraq, xalqının istəyini, mentalitetini dərindən bilən, ölkədaxili və xarici gedişləri qabaqcadan anlayan və müstəqilliyimizə aparan yollara doğru qrossmeys­ter gedişləri edən əvəzedilməz bir şəxsiyyət kimi təqdim etmişdir.

Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XXI əsrin ilk onilliklərində çoxcəhətli fəaliyyətinə də çoxlu sayda əsər və məqalələr həsr etmişdir. Müəllif bu tədqiqatlarında İlham Əliyevin hakimiyyəti dövründə siyasi varislik və müasir çağırışlara adekvat ca­vab vermək mövqeyindən çıxış etdiyini, Azərbaycanın bu ən yeni tarixi dövrünün çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil etdiyini təkzibedilməz faktlarla təqdim etmişdir. Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyətli mübarizəsinin İkinci Qarabağ müharibəsində bö­yük qələbəyə, son iki yüz ildə ilk dəfə itirilmiş torpaqlarımızın geri alınmasına, ölkəmizin ərazi bütöv­lüyünün bərpasına gətirib çıxarmasını təəssübkeş alim-vətəndaş mövqeyindən şərh etmişdir.

İsmayıl müəllimin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin hər birinin mühüm tarixi hadisəyə çevrilməsi və regionda böyük quruculuq işlərinə təkan verməsi haqqında tədqiqatları da diqqətəlayiqdir. Müəllif Naxçıvandakı quruculuq işləri haqqında bəhs edərkən, bunu Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa və yenidən­qurma işləri ilə üzvi şəkildə əlaqədə qələmə almışdır. O, bütün bunları misilsiz və təkrarsız tarixi hadisələr kimi təqdim edir, ölkəmizin gələcəkdə də uğurlu inkişafına xalqımızın böyük inamını əks etdirir.

Respublika miqyasında 75 illik yubileyi geniş şəkildə qeyd olunan akademik İsmayıl Hacıyevi “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnalı ilə qırılmaz tellər bağlayır. Görkəmli tarixçi alimin jurnalın səhifələrində Vətən tarixinin aktual problemləri haqqında müntəzəm şəkildə sanballı məqalələri dərc olunmuşdur. Təkcə son 3 ildə “Tarix və onun problemləri” jurnalında işıq üzü görmüş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” (2023-cü il, 2-ci say), “Behbud ağa Şahtaxtinskinin dövlətçilik və diplomatik fəaliyyəti” (2023-cü il, 4-cü say), “Naxçıvan diyarında hərbi-siyasi vəziyyət və muxtariyyət statusunun əldə edilməsi (1917-1921-ci illər)” (2024-cü il, 1-ci say), “Heydər Əliyev – dünya miqyaslı siyasətçi” (2024-cü il, 2-ci say), “Kameral təsvirlər Kəngərlilər haqqında (XIX əsrin 30-cu illəri)” (2025-ci il, 1-ci say), “Azərbaycanın itirilmiş tarixi əraziləri: Qərbi Zəngəzur və Göyçə mahalı” (2025-ci il, 3-cü say) adlı məqalələr müəllifin elmi araşdırma dairəsinin nə qədər geniş və zəngin olduğunu əyani surətdə göstərir.

 

“Tarix və onun problemləri” jurnalının Redaksiya heyəti Azərbaycan Milli Elmlər Akademi­yası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, elmi­miz, təhsilimiz və dövlətimiz naminə sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayır!



YÜKLƏ [226.5 Kb]
Baxış: 41
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]